EEQ (Elektroensefaloqrafiya) müayinəsi beynin elektrik fəaliyyətini başın səthinə yerləşdirilən kiçik elektrodlar vasitəsilə qeyd edən ağrısız və təhlükəsiz üsuldur.
Bu müayinəyə təyinat aldınızsa və ya övladınıza EEQ yazılıbsa, narahat olmaq təbiidir: “Nə üçün lazımdır?”, “Ağrıdır?”, “Nəticə nə göstərəcək?” kimi suallar ağlınıza gələ bilər. Bu yazıda həmin suallara sadə dildə cavab verəcəyik.
Müayinə beyinə heç bir elektrik cərəyanı vermir. Cihaz yalnız beynin özünün yaratdığı siqnalları oxuyur və qrafik şəklində yazır. Dünyada onilliklərdir geniş istifadə olunur və xüsusilə epilepsiya və huşun müvəqqəti itirilməsi hallarının araşdırılmasında nevroloqun əsas köməkçilərindən biridir.
EEQ müayinəsi nədir?
Elektroensefaloqrafiya sözü üç hissədən ibarətdir: “elektro” (elektrik), “ensefalo” (beyin) və “qrafiya” (yazı, qeyd). Yəni bu, “beynin elektrik fəaliyyətinin yazılması” deməkdir.
Beyin milyardlarla sinir hüceyrəsindən (neyrondan) ibarətdir. Bu hüceyrələr bir-biri ilə elektrik impulsları vasitəsilə əlaqə saxlayır. Həmin impulslar çox zəifdir, lakin başın dərisinə yapışdırılan həssas elektrodlar onları tuta bilir.
Cihaz siqnalları ggücləndirir və ekranda dalğalı xətlər kimi göstərir. Nevroloq bu xətlərə baxaraq beyin fəaliyyətinin nizamlı olub-olmadığını qiymətləndirir.
EEQ müayinəsi nə zaman təyin olunur?
Nevroloq aşağıdakı hallarda EEQ təyin edə bilər:
- Tutma (sızqa) şübhəsi – gözün bir nöqtəyə dikilməsi, ani “donub qalma”, əzələlərin yığılması və ya qeyri-iradi hərəkətlər.
- Səbəbi aydın olmayan huş itirmə və ya “boşluğa düşmə” epizodları.
- Epilepsiya diaqnozu qoyulmuş xəstələrin izlənməsi – müalicənin təsirini qiymətləndirmək üçün.
- Yuxu ilə bağlı şikayətlər – yuxuda qeyri-adi hərəkətlər, yuxuda gəzmə, bəzi yuxu pozuntuları.
- Baş travmasından sonra şüur dəyişiklikləri və ya yeni yaranmış şikayətlər.
- Şüurun pozulması, çaşqınlıq və ya aydın olmayan davranış dəyişikliyi (məsələn, beyin iltihabı və ya maddələr mübadiləsi pozuntuları şübhəsində).
- Uşaqlarda nitq və ya psixomotor inkişafın gecikməsi, diqqət və davranış problemləri zamanı nevroloqun müəyyən etdiyi hallarda.
- Ağır xəstələrdə beyin fəaliyyətinin nəzarəti.
Qeyd etmək lazımdır ki, adi baş ağrısı üçün EEQ adətən birinci seçim deyil. Baş ağrısının səbəbini aydınlaşdırmaq üçün nevroloq əvvəlcə şikayətlərinizi dinləyir, müayinə edir və lazım bilsə, başqa müayinələr (məsələn, MRT) təyin edir. Bu mövzuda ətraflı məlumat üçün baş ağrısının əsas səbəbləri yazımıza baxa bilərsiniz.
Uşaqlarda EEQ müayinəsi
EEQ yenidoğulmuşdan yaşlı insanlara qədər istənilən yaşda aparıla bilər. Uşaqlarda müayinə ən çox sızqa şübhəsi, yuxuda və ya oyaq vaxt baş verən qeyri-adi epizodlar, inkişaf gecikməsi hallarında istifadə olunur.
Valideynlər üçün faydalı məsləhətlər:
- Müayinədən əvvəl uşağa nə olacağını sadə dillə izah edin: “Başına kiçik düymələr yapışdıracağıq, beynin şəklini çəkəcəyik.”
- Sevimli oyuncağı və ya kitabı özünüzlə gətirin.
- Kiçik yaşlı uşaqlarda valideynin yanında olması sakitliyi artırır.
- Uşaq yuxuya getmiş vəziyyətdə də qeyd aparıla bilər. Nevroloq bu barədə sizə əvvəlcədən məlumat verəcək.
Uşaqlarda tutma şübhəsi haqqında daha geniş oxumaq üçün epilepsiya xəstəliyi nədir yazısına müraciət edə bilərsiniz.
EEQ ilə hansı vəziyyətlər aşkarlana bilər?
EEQ beynin fəaliyyətini göstərir, quruluşunu yox. Yəni bu müayinə beynin “elektrik tənzimini” qiymətləndirir. Ən çox aşağıdakı hallarda faydalıdır:
- Epilepsiya və tutma pozuntuları – tutmalara meyilli olan beyin bölgələrində xarakterik dalğa dəyişiklikləri görünə bilər. EEQ həmçinin tutmanın tipini və hansı bölgədən başladığını müəyyən etməyə kömək edir.
- Ensefalopatiya – qaraciyər, böyrək və ya digər səbəblərlə yaranan beyin fəaliyyətinin ümumi pozulması.
- Yuxu pozuntuları – yuxu mərhələlərinin qiymətləndirilməsi.
- Beyin fəaliyyətinin ümumi ləngiməsi və ya assimmetriyası – bu, nevroloqa əlavə müayinələr aparmaq üçün istiqamət verir.
EEQ nəyi göstərmir? Bu müayinə insult, şiş və ya beyin qanaması kimi quruluş pozuntularını birbaşa göstərmir. Onlar üçün MRT və ya KT (kompüter tomoqrafiyası) əsas üsullardır. Yaddaş pozuntusu şübhəsində isə EEQ tək başına diaqnoz qoymur.
Bu halda nevroloji müayinə və xüsusi testlər daha vacibdir. Özünüzü yoxlamaq istəyirsinizsə, Alzheimer testi və demensiya testi səhifələrimiz ilkin məlumat verə bilər. Bu testlər diaqnoz yerinə keçmir, həkim müayinəsini əvəz etmir.
EEQ müayinəsinin növləri
Şikayətinizin xarakterindən asılı olaraq nevroloq müxtəlif EEQ növlərindən birini seçə bilər:
- Standart (rutin) EEQ – ən çox istifadə olunan növdür və adətən 20–40 dəqiqə çəkir.
- Yuxu EEQ-si – bəzi dəyişikliklər yalnız yuxu zamanı üzə çıxır, ona görə müayinə yuxu vəziyyətində aparılır.
- Yuxusuzluqdan sonra EEQ – həkimin tövsiyəsi ilə müayinədən əvvəl yuxu məhdudlaşdırılır. Yorğun beyində epilepsiya ilə bağlı dəyişikliklər daha asan aşkarlanır.
- Video-EEQ monitorinqi – beyin fəaliyyəti ilə eyni anda xəstənin videosu çəkilir. Bu üsul tutmaların hansı dəyişikliklə uyğun gəldiyini müəyyən etməyə imkan verir və adətən xəstəxana şəraitində aparılır.
- Ambulator (uzunmüddətli) EEQ – kiçik portativ cihaz vasitəsilə gündəlik həyat şəraitində ardıcıl 24 saat və ya daha çox qeyd aparılır.
Hansı növün sizə uyğun olduğuna yalnız nevroloq qərar verir.
EEQ müayinəsinə necə hazırlaşmaq lazımdır?
Hazırlıq sadədir, lakin bir neçə qaydaya diqqət etmək nəticənin dəqiqliyini artırır:
- Saçınızı müayinə günü təmiz yuyun. Saça yağ, gel, lak, köpük və ya saç kremi sürtməyin. Bunlar elektrodların dəriyə yapışmasına mane ola bilər.
- Süni saç uzatmaları, daraqlar və başın üzərindəki aksesuarları çıxarın (mümkünsə hörük və sıx topuzlardan çəkinin).
- Müayinədən əvvəl yeməkdən imtina etməyin. Aclıq qan şəkərini aşağı sala və beyin fəaliyyətini dəyişə bilər.
- Kofeinli içkiləri (qəhvə, enerji içkisi, güclü çay) müayinədən əvvəl məhdudlaşdırın. Həkim fərqli göstəriş verməyibsə, bu qayda tətbiq olunur.
- Dərmanlarınızı özbaşına dayandırmayın. İstifadə etdiyiniz dərmanların siyahısını həkiminizə verin. Bəzi hallarda həkim özü dərmana dair xüsusi göstəriş verir.
- Yuxu rejimi – müayinənin növündən asılı olaraq həkim sizdən gecə yuxusunu azaltmağı və ya əksinə, yaxşı yatmağı istəyə bilər. Bu göstərişə dəqiq əməl edin.
- Rahat paltar geyin. Boğaz hissəsi sıx olmayan geyim seçin.
EEQ müayinəsi necə keçir?
- Hazırlıq – laborant və ya həkim sizi rahat kresloda və ya çarpayıda yerləşdirir. Başınızın ölçüsü götürülür və elektrodların yerləri müəyyən edilir.
- Elektrodların yerləşdirilməsi – elektrodlar gel və ya pasta ilə başa yapışdırılır. Bu mərhələ təxminən 15–20 dəqiqə çəkir.
- İstirahət halında qeyd – bir müddət gözləriniz qapalı, sakit uzanırsınız. Bu zaman cihaz əsas fon fəaliyyətini yazır.
- Aktivləşdirmə testləri – nevroloq bir neçə sadə sınaq təklif edə bilər:
- dərin və tez-tez nəfəs alıb vermək (hiperventilyasiya) – adətən təxminən 3 dəqiqə;
- işıqlı flaş stimulasiyası – gözlər qapalı olduqda yanıb-sönən işıq.
Bu sınaqlar bəzi gizli dəyişiklikləri üzə çıxarmağa kömək edir. - Yekun mərhələ – elektrodlar çıxarılır, gel nəm salfetlə təmizlənir. Daha sonra normal gündəlik fəaliyyətinizə qayıda bilərsiniz. Yuxu EEQ-sindən sonra isə bir az yorğunluq hiss etmək mümkündür.
Müayinənin özü adətən 20–40 dəqiqə çəkir. Elektrodların yerləşdirilməsi və çıxarılması ilə birlikdə ümumi vaxt bir saata yaxın ola bilər.
EEQ ağrılıdır, təhlükəlidir?
Xeyr. EEQ ağrısız, qeyri-invaziv (orqanizmə müdaxilə etməyən) üsuldur. Yalnız jelin soyuqluğu və ya elektrodların yüngül təması narahatlıq yarada bilər. Çox az hallarda dərinin həssas olduğu şəxslərdə yüngül qızartı yaranır, lakin bu tez keçir.
Əsas riski tutmalara meyilli xəstələrdə hiperventilyasiya və ya işıq stimulasiyası zamanı tutmanın yarana bilməsi təşkil edir. Bu ehtimal azdır və müayinə mütəxəssis nəzarəti altında aparıldığı üçün lazım gələrsə, dərhal kömək göstərilir. Buna görə də nevroloqa əvvəlcədən sızqa tarixçənizi mütləq bildirin.
EEQ nəticələri nə deməkdir?
Müayinədən sonra nevroloq qeydi ətraflı təhlil edir. Nəticə adətən yazılı rəy şəklində verilir. Burada bir neçə nəticə mümkündür:
- Normal EEQ – qeyd olunan dövrdə beyin fəaliyyətində aydın pozuntu görünməyib.
- Anormal EEQ – qeyddə nizamsız və ya epileptik aktivlik göstərən dəyişikliklər, yavaşlama və ya iki yarımkürə arasında fərq müşahidə olunub.
Burada diqqət etməli olduğunuz çox vacib məqamlar var:
- Normal EEQ epilepsiyanı istisna etmir. Tutmalar arasında beyin fəaliyyəti normal görünə bilər və müayinə yalnız qısa vaxtı əhatə edir. Bu səbəbdən şübhə qaldıqda həkim təkrar EEQ, yuxu EEQ-si və ya video-EEQ təyin edə bilər.
- Anormal EEQ tək başına xəstəliyin diaqnozu deyil. Nəticə həmişə şikayətlər, nevroloji baxış və digər müayinələrlə birlikdə qiymətləndirilir. Bəzən tamamilə sağlam insanlarda da kiçik dəyişikliklər görünə bilər.
- Nəticəni özbaşına şərh etməyin. Qrafikdəki hər dəyişiklik xəstəlik demək deyil.
Tez-tez verilən suallar
Bu məqalə yalnız məlumat xarakteri daşıyır və həkim məsləhətini, diaqnozu və ya müalicəni əvəz etmir. Hər hansı sağlamlıq şikayətiniz varsa, mütləq ixtisaslı nevroloqa müraciət edin. Dərman qəbulunu və ya müalicə planını həkimlə məsləhətləşmədən dəyişməyin.