Dağınıq skleroz xəstəliyi və onun əlamətləri

Xalq arasında MS olaraq bilinən dağınıq skleroz, ilk növbədə mərkəzi sinir sistemini zədələyən proqressiv bir xəstəlikdir. Mərkəzi sinir sisteminin elementləri olan beyin, beyin kötüyü, beyincik və onurğa beyni dağınıq sklerozlu xəstələrdə bəzi patoloji dəyişikliklərə məruz qalır. MS xəstəliyində sinir hüceyrələrini qoruyan və hüceyrələrarası əlaqədə rol oynayan miyelin qişası zədələnir.

Dağınıq skleroz (MS) xəstəliyi nədir?

Dağınıq skleroz (MS), mərkəzi sinir sistemi neyronlarının zədələnməsi ilə müşahidə olunan və miyelin qişasının zədələnməsi ilə xarakterizə olunan bir xəstəlikdir. Xroniki, iltihablı və autoimmun mənşəli olan MS, gizli başlayan bir xəstəlikdir.

Bir çox digər autoimmun xəstəliklərdə olduğu kimi, dağınıq skleroz-da da limfosit və makrofaqların artımı və bədənin anormal immun reaksiyası müşahidə olunur.

Dağınıq Skleroz xəstəliyinin əlamətləri

Dağınıq skleroz xəstəliyinin diaqnozu üçün ilkin olaraq şəxsin əlamətləri daşıyıb-daşımadığına baxılır. Daha sonra aparılacaq diaqnostik testlərlə xəstəlik təsdiqlənir.

Xəstəliyin yüngül əlamətləri erkən dövrdən etibarən ortaya çıxarkən, irəliləyən dövrdə şiddətli ataklar və ağır simptomlar meydana gəlir. Əlamətlərin ortaya çıxma zamanı, şiddəti, artıb-azalması, təkrarlanma tezliyi kimi xüsusiyyətlər şəxsə görə dəyişir.

Dağınıq Skleroz əlamətləri aşağıdakılar ola bilir:

  • Dərin vətər reflekslərində artım,
  • Əzələlərdə qıcolma, spazm, keyləşmə və bunlara bağlı ağrı,
  • Əzələlərdə yanma, gərilmə, qarışqa gəzməsi hissi,
  • Gövdə, qol və ayaqlarda anormal hisslər,
  • Boyunu önə əydikdə onurğa beynində, qol və ayaqlarda ani elektrik cərəyanı vurma hissi,
  • Depressiya və həyəcan pozuntusu (anksiyete),
  • Üz-qol-ayaqlarda zəiflik,
  • Diqqət əskikliyi və yaddaş problemləri,
  • Yorğunluq,
  • Başgicəllənmə,
  • Nitq pozğunluqları,
  • Görmə sinirlərində iltihab, bulanıq görmə, görmə qabiliyyətində azalma,
  • Yerimə bacarığının itirilməsi, tarazlığı saxlamaqda çətinlik və koordinasiya pozğunluğu,
  • Defekasiya (nəcis ifrazı) pozğunluqları və sidik saxlaya bilməmək,
  • Udqunmada çətinlik,
  • Cinsi funksiya pozğunluqları.

Dağınıq Skleroz xəstəliyinin növləri hansılardır?

MS xəstəliyi klinik gedişata və atakların (kəskinləşmələrin) mövcudluğuna görə bəzi qruplara ayrılmışdır. Bəzi mənbələr bu qrupları dağınıq skleroz xəstəliyinin mərhələləri olaraq da adlandırır.

Bu təsnifat müalicənin planlaşdırılmasında böyük fayda verir. Dağınıq skleroz xəstəliyinin növləri bunlardır:

  • Klinik İzole Olunmuş Sindrom (KİS): MS-in başlanğıc mərhələsi və ya erkən dövrü hesab olunur. 24 saatdan çox davam edən simptomlar mövcuddur. Onurğa beyni, beyin və görmə sinirinin qismən zədələnməsi müşahidə olunur.
  • Ataklarla Gedən MS (RRMS): MS-in təkrarlanan ataklarla davam edən formasıdır. Atakdan kənar dövrdə şəxsdə yaxşılaşma, sağlamlıq vəziyyəti görülür. MS-in ən çox rast gəlinən formasıdır.
  • Proqressivləşən MS: Bu tipdə şəxsdə atak dövrlərindən kənarda da nevroloji simptomlar müşahidə olunur və bu simptomların şiddəti getdikcə artır. Erkən dövrdən təxminən 5 il sonraya təsadüf edən bu dövrdə atakların sayı azalmış, lakin xəstəlikdəki yaxşılaşma mərhələləri də yox olmağa başlamışdır. Xəstəlik bu mərhələyə çatdıqdan sonra davamlı olaraq şiddətlənir, yeni nevroloji simptomlar ortaya çıxır və şəxsin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə aşağı düşür.
  • Radioloji İzole Olunmuş Sindrom: Xəstələrdə aydın dağınıq skleroz simptomlarının olmadığı, lakin görüntüləmə üsulları ilə əldə edilən təsvirlərdə MS varlığını düşündürən əlamətlərin aşkar edildiyi formadır.
  • Xoşxassəli MS: Yüngül ataklarla gedən və atakdan sonrakı dövrdə tam sağalmanın müşahidə olunduğu formadır. Zamanla simptomlarda və ümumilikdə xəstəliyin gedişatında pisləşmə baş vermir. Ataklar adətən ciddi zədələr qoymur.

Dağınıq skleroz xəstəliyi nədən yaranır?

Dağınıq skleroz xəstəliyi üçün bəzi risk faktorları mövcuddur. Bu faktorların bəziləri genetik mənşəli, bir qismi isə ətraf mühit amillərinə bağlıdır.

MS xəstəliyi üçün risk faktorları bunlardır:

  • Siqaret tüstüsünə məruz qalma,
  • Piylənmə (Obezite),
  • Zərərli günəş şüalarına məruz qalma,
  • Aşağı D vitamini səviyyələri,
  • Alkoqol-maddə istifadəsi kimi zərərli asılılıqlar,
  • Bəzi viral infeksiyalar,
  • HLA sinif I və sinif II gen variantları.

Dağınıq Skleroz xəstəliyi neçə yaşında başlayır?

Xəstəlik ən çox 20-40 yaş arasında üzə çıxır. Uşaqlarda başlama nisbəti 1%-dən az olduğu halda, 50 yaşdan yuxarı şəxslərdə görülmə nisbəti 2% ilə 10% arasındadır.

Həmçinin, aparılan bəzi tədqiqatlar xəstəliyin eyni zamanda cinsiyyətlə də əlaqəli olduğunu müəyyən etmişdir. Xəstəlik qadınlarda kişilərə nisbətən 2.5 dəfə daha çox görülür.

Dağınıq Skleroz necə müəyyən edilir?

Dağınıq skleroz xəstəliyinin diaqnozunda qan-onurğa beyni mayesi testləri və görüntüləmə üsulları ilə yanaşı, elektrofizioloji qiymətləndirmə meyarlarından da istifadə olunur.

MS xəstəliyinin diaqnozu üçün istifadə edilən üsullar bunlardır:

  • Əsas Testlər:
    • Qan analizləri: Qan testləri MS-in dəqiq diaqnozunu qoymaqdan daha çox, oxşar digər autoimmun xəstəliklərin varlığını istisna etmək üçün istifadə olunur.
    • MRT (Maqnit Rezonans Tomoqrafiya): Xəstəliyin diaqnozunda istifadə edilən ən vacib fərqləndirici üsullardan biridir. MRT nəticəsində əldə edilən görüntülər mərkəzi sinir sistemi elementlərində yaranan zədələnmələrin (lezionların) varlığını sübut edir.
    • Onurğa beyni mayesinin analizi: İzoelektrik fokuslama üsulu ilə onurğa beyni mayesi və zərdabda oliqoklonal zolaqların izlənilməsidir. Eyni zamanda, miyelinin parçalanması nəticəsində yaranan zülalların varlığı da bu üsulla müəyyən edilir. Onurğa beyni mayesi analizi digər autoimmun xəstəlikləri istisna edərək diaqnoza kömək edir.
  • İkinci Dərəcəli Testlər:
    • Oyarılmış potensiallar (vizual, eşitmə): Vizual oyarılmış reaksiyalar vasitəsilə görmə sinirlərinin, eşitmə reaksiyaları vasitəsilə isə eşitmədə iştirak edən sinirlərin sağlamlıq vəziyyəti yoxlanılır.
    • Optik koherent tomoqrafiya: Bu üsulla torlu qişa (retina) sinir liflərinin zədələnmə vəziyyəti yoxlanılır. Qeyri-invaziv bir görüntüləmə üsuludur.
    • Neyrokoqnitiv testlər: Şəxsin idrak funksiyalarının və davranışlarının araşdırıldığı diaqnostik üsuldur.


Bundan əlavə, diaqnozda nadir hallarda istifadə olunan və diaqnoz üçün böyük bir fərq yaratmayan urodinamika, biopsiya (dəri, angioqrafiya, ağciyər qrafisi, Şirmer testi, tüpürcək vəzi sintiqrafiyası kimi) köməkçi testlərə də bəzi hallarda üstünlük verilə bilər.

Dağınıq Skleroz xəstəliyinin müalicəsi varmı?

Dağınıq skleroz-da dəqiq diaqnoz qoyulduqdan sonra müalicə zədələnmənin baş verdiyi bölgəyə uyğun planlaşdırılır. Klinik baxımdan MS xəstəliyinin qəti bir həlli mövcud deyil.

Xəstəliyin simptomlarını yüngülləşdirən və şəxsin həyat keyfiyyətini artıran müalicə üsulları tətbiq olunur. Müalicədə məqsəd xəstəliyin sürətlə irəliləməsini dayandırmaq, atakların tezliyini və şiddətini azaltmaq, nevroloji zədələnmələri mümkün qədər minimuma endirmək və qalıcı zərərin qarşısını almaqdır.

Dağınıq sklerozun müalicəsi ilə xəstələrin yatağa bağlı vəziyyətə gəlməsinin qarşısını almaq üçün tədbirlər görülür.

Dağınıq skleroz xəstəliyinin müalicəsi üçün tətbiq olunan üsullar bunlardır:

  • Dərman Müalicəsi: MS müalicəsində ən çox xəstəliyi modifikasiya edən dərmanların istifadəsinə üstünlük verilir. Dərmanlar oral (ağızdan) və intravenoz (damardaxili) şəkildə istifadə edilə bilər. Bioloji preparatlar və kortizon kimi immun sistemini zəiflədən dərmanlar MS-də tez-tez seçilir.
  • Kök Hüceyrə Müalicəsi: Kök hüceyrələr başqa hüceyrələrə çevrilə bilən və özünü yeniləmə potensialına malik olan hüceyrələrdir. Parçalanmış miyelin qişalarının bərpasında kök hüceyrələr böyük fayda verir. MS xəstəliyində istifadə olunan kök hüceyrələr bunlardır: autoloq hematopoetik, mezenximal, pluripotent və embrionik.
  • Fizioterapiya: Dağınıq skleroz müalicəsində fizioterapiya fayda verir. İdman hərəkətləri müalicəni dəstəkləyici təsir göstərir.
  • Qidalanmanın Tənzimlənməsi: MS müalicəsi üçün xüsusi olaraq müəyyən edilmiş bir pəhriz növü yoxdur. Lakin qidalanma rejimindən bəzi qidaların çıxarılmasının xəstəliyin simptomlarını azaltdığı düşünülür. Heyvan mənşəli zülalların, qlüten tərkibli qidaların, emal edilmiş hazır məhsulların xəstəliyin gedişatını pisləşdirdiyi məlumdur. Aralıq dənizi tipli pəhrizin, lifli qidaların, D vitamininin və sağlam bitki yağlarının isə xəstəliyin simptomlarını yüngülləşdirdiyi güman edilir.


Cəmiyyətdə yayılması getdikcə artan və proqressiv xarakter daşıyan dağınıq skleroz xəstəliyində erkən diaqnoz və müalicə həyati əhəmiyyət daşıyır.

Əgər siz də MS xəstəliyinin əlamətlərindən birini və ya bir neçəsini göstərdiyinizi düşünürsünüzsə, ən yaxın səhiyyə müəssisəsinə müraciət edərək lazımi məlumatları ala və müvafiq müayinələrdən keçə bilərsiniz.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.