Narahat ayaqlar sindromu müalicəsi

Əgər istirahət vəziyyətində narahatedici bir hisslə yanaşı, tez-tez ayaqlarınızı hərəkət etdirmək istəyi yaşayırsınızsa, narahat ayaqlar sindromu adlanan bir xəstəlikdən əziyyət çəkə bilərsiniz.

Gündəlik həyatda tez-tez eşitdiyimiz narahat ayaqlar sindromu, adətən uzanarkən, oturarkən, yəni istirahət zamanı ortaya çıxan və cəmiyyətdə təxminən 5-15% nisbətində rast gəlinən bir narahatlıqdır.

Bu narahatlıq səbəbilə yuxuya getməkdə çətinlik, yuxu pozğunluğu və nəticədə həyat keyfiyyətinizin aşağı düşməsi kimi mənfi hallar da müşahidə oluna bilər. Bəs, yaşadığınız problem həqiqətən bu sindrom ola bilərmi?

Narahat ayaqlar sindromunun əlamətləri nələrdir, diaqnozu necə qoyulur, necə keçir? Yazımızın davamında mövzu haqqında bütün maraq etdiyiniz sualların cavabını tapa və suallarınızı şərhlərdə bizimlə paylaşa bilərsiniz.

Narahat ayaqlar sindromu nədir?

Narahat ayaqlar sindromunda, ayaqlarda narahatedici bir hisslə yanaşı, ayaqları hərəkət etdirmək istəyi müşahidə olunur. Xüsusilə, gecə yuxuda və ya istirahət zamanı ortaya çıxan bir hərəkət pozğunluğudur. Willis-Ekbom xəstəliyi olaraq da adlandırılır. Ayaqlarınızı hərəkət etdirdiyiniz zaman isə bu narahatlıq hissi azalır.

narahat ayaq sindromu

Narahat ayaqlar sindromunun səbəbləri

Xəstələrin əksəriyyətində narahat ayaqlar sindromunu izah edəcək dəqiq bir səbəb yoxdur. Beyindən ifraz olunan və bədənimizdəki əzələ hərəkətlərinin idarə olunmasından məsul olan dopamin maddəsindəki balanssızlıqla əlaqəli olduğu düşünülür.

Həmçinin aparılan araşdırmalar nəticəsində bu sindromla əlaqələndirilən bəzi səbəblər də ortaya qoyulmuşdur.

Bunlardan bəziləri aşağıdakılardır:

  • B vitamini çatışmazlığı,
  • Fol turşusu çatışmazlığı,
  • Dəmir çatışmazlığı,
  • Maqnezium çatışmazlığı
  • Həddindən artıq spirtli içki istifadəsi,
  • Bəzi dərmanlar,
  • Damar xəstəlikləri,
  • Şəkərli diabet,
  • Böyrək çatışmazlığı,
  • Parkinson xəstəliyi,
  • Əzələ xəstəlikləri,
  • Yumşaq toxuma revmatizmləri,
  • Stress və emosional vəziyyət pozğunluqları,
  • Hərəkətsiz həyat tərzi,
  • Hamiləlik.

Narahat ayaqlar sindromunun əlamətləri nələrdir?

Narahat ayaqlar sindromunun əlamətləri içində ən bariz olanı ayaqlarda narahatlıq hissi və onları hərəkət etdirmək istəyidir. Bu narahatedici hisslər uzun müddətli oturma zamanı, avtomobil, avtobus və ya təyyarə səyahətlərində, uzun müddət hərəkətsiz qalan teatr və ya kino salonlarında ortaya çıxır.

Əlamətlər adətən axşam saatlarında artır və gecələr ən şiddətli halını alır. Ayaqlarda səyrimələr müşahidə oluna bilər. Ayaqlarınızı hərəkət etdirdiyiniz zaman şikayətlərin azaldığını hiss edə bilərsiniz. Narahat ayaqlar sindromunun əlamətləri, əsasən ayaqlarda və pəncələrdə ortaya çıxır.

Əksər hallarda hər iki ayaq da təsirlənir. Nadir hallarda qollarınızda da narahatlıq verən hisslər yaşaya bilərsiniz. Bu narahatlıq hissi adətən batma, yanma, qarışqa gəzməsi, qaşınma və elektrik cərəyanı keçməsi şəklində təsvir edilir. Simptomlar bəzən arta və ya müəyyən bir müddət sonra aradan qalxa bilər.

Narahat ayaqlar sindromu üçün hansı həkimə müraciət etməli?

Narahat ayaqlar sindromu ilə ilk növbədə Nevrologiya, Fizioterapiya və Tibbi Bərpa (FTB), Psixiatriya şöbələri məşğul olur. Xəstələr ayaq ağrısı səbəbi ilə Ortopediya, Damar Cərrahiyyəsi və ya Neyrocərrahiyyə şöbələrinə də müraciət edə bilərlər.

Narahat ayaqlar sindromunun diaqnozu necə qoyulur?

Narahat ayaqlar sindromunun diaqnozu ilk növbədə klinik qiymətləndirmə ilə qoyulur. Mütəxəssis həkim tərəfindən ətraflı anamnez toplanır, tibbi keçmişiniz və şikayətləriniz dinlənilir. Fiziki müayinə ilə yanaşı, nevroloji müayinə və əzələ-skelet sistemi müayinəsi aparılmalıdır.

Mövcud klinik mənzərənin başqa bir tibbi və ya davranış pozğunluğu ilə izah edilə bilmədiyi hallarda narahat ayaqlar sindromu diaqnozu qoyulur. Digər diaqnozları istisna etmək üçün xəstələrin klinik vəziyyətinə görə analizlər aparmaq lazım gələ bilər. Qanın ümumi analizi və rutin biokimyəvi analizlər aparıla bilər.

Bundan əlavə, yuxu pozğunluğu yaşayırsınızsa, yuxu testlərinin aparılması tələb olunur. Əlavə olaraq, mövcud klinik mənzərəyə görə ayırıcı diaqnoz üçün görüntüləmə üsullarına da müraciət edilir.

Narahat ayaqlar sindromu necə müalicə olunur?

Bu narahatlıq; dəmir çatışmazlığı, fol turşusu çatışmazlığı, B vitamini çatışmazlığı və ya maqnezium çatışmazlığı kimi vitamin və ya mineral çatışmazlığına bağlı olaraq inkişaf edə bilər. Bu vəziyyətdə müalicə, çatışmayan vitamin və ya elementin bərpası ilə həyata keçirilir.

Narahat ayaqlar sindromunun müalicəsi üçün ağrıkəsicilər, əzələ gevşədicilər, mərkəzi sinir sisteminə təsir edən dərmanlar və yuxu dərmanları istifadə edilə bilər. Dərman seçiminə yaşınız, yanaşı gedən digər xroniki xəstəlikləriniz və şikayətlərin şiddətinə görə qərar veriləcəkdir.

Narahat ayaqlar sindromu olan xəstələr gündəlik həyatda nələrə diqqət etməlidirlər?

Əgər siz də narahat ayaqlar sindromu problemindən əziyyət çəkirsinizsə, gündəlik həyatınızda aşağıdakı məqamlara diqqət etməlisiniz:

  • Siqaret və ya spirtli içki istifadə edirsinizsə, ən qısa müddətdə tərgitməyiniz tövsiyə olunur.
  • Həddindən artıq qəhvə və çay istehlakından çəkinin.
  • Müxtəlif vitamin və element çatışmazlıqlarının xəstəliyə səbəb ola biləcəyi unudulmamalıdır. Buna görə balanslı qidalanmağa diqqət edin.
  • Yüngül məşqlər adətən simptomları azaldır. İlıq vanna və isti kompreslər də şikayətləri azalda bilər.
  • İdeal yuxu mühiti olduqca vacibdir. Səssiz, qaranlığa yaxın və rahat bir mühit yaradın.
  • Yuxu rejiminə diqqət edin. Mümkünsə, eyni saatlarda yatıb eyni saatlarda oyanın. Yuxu keyfiyyətini pozan ağır yeməkləri gec saatlarda yeməkdən çəkinin.
  • Stress və emosional vəziyyət pozğunluqları narahat ayaqlar sindromuna səbəb ola bilər. Gündəlik həyatınızda stressdən uzaq durmağa çalışın. Depressiya və ya digər emosional vəziyyət pozğunluqları mövcuddursa, vaxt itirmədən psixiatr mütəxəssisinə müraciət etmək doğru olardı.

Hamiləlik və narahat ayaqlar sindromu

Hamiləlik, narahat ayaqlar sindromunun səbəblərindən biridir. Xüsusilə hamiləliyin son 3 ayında rast gəlinən narahat ayaqlar sindromunda əlamətlər daha aydın görünür.

Bu vəziyyət hamiləlikdə yaranan hormonal dəyişikliklər, emosional vəziyyət dəyişiklikləri və metabolik dəyişikliklərlə əlaqəlidir və doğuşdan sonra adətən azalıb yox olur.

Narahat ayaqlar sindromu haqqında tez-tez verilən suallar

Narahat ayaqlar sindromuna nə yaxşı təsir edir?

  • Balanslı qidalanmaya diqqət edilməlidir.
  • Yüngül məşqlər adətən simptomların azalmasına kömək edir.
  • İlıq vanna və isti kompreslər xəstələrdə şikayətləri azalda bilər.
  • İdeal yuxu mühiti vacibdir.
  • Hamiləlik dövründə yuxu rejiminə diqqət etməlidirlər. Mümkünsə eyni saatlarda yatıb eyni saatlarda oyanmaları tövsiyə olunur.
  • Gün ərzində kifayət qədər su içmələri vacibdir.
  • Gündəlik həyatda stressdən uzaq durmağa çalışılmalıdır.

Narahat ayaqlar sindromu necə keçir?

Narahat ayaqlar sindromunun müalicəsində; ağrıkəsicilər, əzələ gevşədicilər, mərkəzi sinir sisteminə təsir edən dərmanlar və yuxu dərmanları istifadə edilə bilər. Dərman seçimində həkim, xəstənin yaşına, yanaşı gedən digər xroniki xəstəliklərə və narahat ayaqlar sindromunun şiddətinə görə qərar verir.

Vitamin və ya mineral çatışmazlığına bağlı yaranan vəziyyətdə isə çatışmayan vitamin və ya elementin bərpası ilə müalicə həyata keçirilir.

Müalicə edilməzsə nə olar?

Narahat ayaqlar sindromunun müalicə edilməməsi, xəstənin həyat keyfiyyətinin azalmasına səbəb olur. Eyni zamanda yuxu keyfiyyətinə də təsir edir. Bu vəziyyət isə insanın gün ərzindəki fəaliyyətlərində yuxulamasına səbəb ola bilər.

Narahat ayaqlar sindromu psixolojidirmi?

Stress və emosional vəziyyət pozğunluqları kimi psixoloji əsaslı narahatlıqlar narahat ayaqlar sindromuna səbəb ola bilər. Xəstələr gündəlik həyatlarında stressdən uzaq durmağa çalışmalıdırlar.

Depressiya və ya digər emosional vəziyyət pozğunluqları mövcuddursa, vaxt itirmədən psixiatr mütəxəssisinə müraciət etmək vacibdir. Narahat ayaqlar sindromundan şübhələnirsinizsə, gündəlik həyatınız daha çox təsirlənmədən tibbi dəstək almağı laqeyd yanaşmayın.

Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.